Babək Niftəliyev

image-0-02-05-bfec1e0a22f5764b49508b24562bfad629bd359d642c8ad4488b1d7f2e2242f3-vMuğam  Azərbaycan musiqisinin incilərindən biridir və bu gözəl sənəti davam etdirən bir çox sənətkarlarımız var. Onlardan biri bu dəfəki müsahibimiz Azərbaycan Respublikasının əməkdar artisti Babək Niftəliyevdir.
 Salam Babək bəy. Necəsiniz? Xoş gördük sizi Gürcüstanda.
– Mən də sizi və AG Fm radiosunun auditoriyasını salamlayıram. Bildiyimə görə saytınızda ilk dəfə mənim müsahibəm yayımlanacaq. Təbii ki, bunun xoş bir təsadüf olduğunu vurğulamadan keçmək istəməzdim. Bu mənim Gürcustana 5-ci səfərimdir və hər gəlişimdə Gürcüstanlı azərbaycanlılar, həmçinin də gürcülərin özləri bizlərə qarşı həddidnən artıq qonaqpərvərlik göstərirlər. Sizlərə də təşəkkürümü bildirirəm ki, bizim Azərbaycan musiqilərini Gürcüstanda artıq 4 ildir fəaliyyət göstərən ilk Azərbaycan dilli radionuzda səsləndirirsiniz.
Sizə artıq ənənə halını alan bir sualı vermək istəyirəm. Babək Niftəliyev necə oldu ki, xanəndə olmaq qərarına gəldi?
– Mən Niftəliyev Babək  Muğan oğlu 1985-ci ildə Kəlbəcər rayonunda dünyaya gəlmişəm. Bildiyiniz kimi mənfur düşmənlərimiz torpaqlarımızı işğal edəndən sonra mən ailəmlə birgə  Gəncə şəhərində məskunlaşdım. 1996-1997-ci illərdə  bizim milli musiqi alətlərindən biri olan  sazda ifa etməyə başladım. O zamanlar mənə dedilər ki, səsin aşıq səsi yox, xanəndə səsidir və məni Gəncə şəhəri 4 nömrəli musiqi məktəbinə yazdırdılar. Sərdar Bağırovun sinfində 5 il dərs aldım, sonra ustadlarım təhsilimi davam etdirməyim üçün məni Bakıya yönəltdilər və orada mərhum sənətkarımız Məmmədbağır Bağırzadədən dərs aldım, muğamın sirlərini öyrənməyə başladım. Daha sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum, orada mənim müəllimim professor şöhrət ordenli xalq artisti Canəli Əkbərovdan muğam dərsləri aldım. A.Zeynallı adına musiqi  kollecində 4 il təhsildən sonra – 2007-ci ildə Milli Konservatoriyaya daxil oldum və təhsilimi orada qırmızı diplomla tamamladıqdan sonra konservatoriyanın magistr pilləsini də bitirmiş oldum.
Sizin səsinizi biz həmçinin bir sıra beynəlxalq müsabiqələrdə də eşidirik. Bu barədə bir az ətraflı məlumat verərdiniz.
– Bildiyiniz kimi dövlətimiz, yəni cənab prezidentimiz UNESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva bizlər üçün böyük bir Muğam Mərkəzi inşa etdirdi və bu bizə işimizdə daha da həvəsli olmağımız üçün stimul oldu. Sizə deyə bilərəm ki, indi muğama, xalq musiqisinə, saza, tara, kamançaya olduqca böyük maraq var. Çünki bu ata-babalarımızdan bizə qalan sərvətdir. Məhz buna görə də getdiyimiz hər ölkədə Azərbacan musiqisini layiqincə təmsil etməyə çalışırıq. Beynəlxalq muğam müsabiqələri keçirilir, onlar öz musiqisini təmsil edirlər, biz də öz muğamımızı. Bu cür müsabiqələrdə ölkələr sırf öz aralarında yarışır. Mən də bu müsabiqədə ikinci yerin sahibi oldum. Biz ölkəmizin bayrağını ölkələr içərisində yüksəklərdə dalğalandığını görəndə böyük bir fəxr hissi duyuruq ki, bizim bü cür istedadlı xalqımız var.
Gənc və istedadlı  xanəndə kimi sizi artıq xalqımız tanıyır və sevir. Bəs pedoqoji fəalliyyətiniz varmı?
Bəli. Mənim artq tələbələrim var. Sumqayıt şəhəri musiqi kollecində dərs deyirəm və ölkəmizin hər bir bölgəsindən böyük bir axın var muğam sahəsinə və bu da məni çox sevindirir ki, gənclərimiz bu janrı seçirlər. Çünki bu bizim qanımızda, canımızda var, muğamlarımız bizim ana laylayımızdır. Cəmi iki ildir tələbələrə dərs keçirəm, amma onlara böyük ümidlər bəsləyirəm və inanıram ki, yüksək nəticələrə nail olacaqlar.
Biz də sizə və tələbələrinizə uğurlar arzu edirik. AG-fm oxuyucularına son olaraq nə demək istərdiniz?
– Oxucularınıza uzun ömür, can sağlığı, ölkəmizdə və Gürcüstanda sülh, əmin-amanlıq arzulayıram. İnşAllah evləri ruzili-bərəkətli olsun. Qarşıdan gələn dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə sizləri və oxucularınızı təbrik edirəm. Xüsusi təşəkkürümü isə sizlərə – AG-fm radiosuna bildirirəm ki, bizləri auditoriyanızla görüşdürdünüz.
წერილის გაგზავნა
Share On Facebook
Share On Google Plus
Share On Youtube
Contact us
Hide Buttons